Menyu

Xəzər dənizini çirkləndirən müəssisə cəzalandırılıb

Operativ Media
Xəzər dənizini çirkləndirən müəssisə cəzalandırılıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən quş kəsim sexində qanunvericiliyin pozulması faktı aşkarlanıb.

Belə ki, sosial şəbəkələrdə yayılan görüntülər əsasında 17 aprel 2026-cı il tarixində Xidmət əməkdaşları tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Lənkəran Rayon Polis Şöbəsinin, həmçinin Sütəmurdov bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilib.

SİMDNX-dan Operativ Media-ya verilən məlumata görə, aparılan araşdırma zamanı müəyyən olunub ki, kəsim sexində istehsal prosesi nəticəsində yaranan tullantı suları heç bir təmizləyici qurğudan keçirilmədən torpaq məcralı axar vasitəsilə birbaşa Xəzər dənizinə axıdılıb.

Fakt üzrə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi laboratoriyanın əməkdaşları tərəfindən müxtəlif nöqtələrdən su nümunələri götürülərək analiz edilib. Nəticələrə əsasən tullantı suların tərkibində çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu və suların təmizlənmədən dənizə axıdıldığı təsdiqlənib.

Aşkarlanmış qanun pozuntusu ilə əlaqədar olaraq, kəsim sexinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunub.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən ətraf mühitin mühafizəsi və su ehtiyatlarının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər