Menyu

Körpə uşaqlarda nevroloji pozuntuların xəbərçisi ola bilən 5 əsas əlamət

Ayşən Sadıxzadə
Körpə uşaqlarda nevroloji pozuntuların xəbərçisi ola bilən 5 əsas əlamət

"Körpələrin inkişafı hər valideyn üçün ən həssas və diqqət tələb edən dövrlərdən biridir. Bəzi nevroloji pozuntular erkən mərhələdə çox incə əlamətlərlə özünü göstərə bilər. Bu əlamətləri vaxtında tanımaq və həkimə müraciət etmək uşağın gələcək inkişafı üçün həlledici rol oynayır".

Bu sözləri Operativ Media-ya açıqlamasında nevroloq Röyanə Quluzadə deyib.

O bildirib ki, körpələrdə müşahidə olunduqda mütləq nevroloqa müraciət edilməli olan 5 əsas əlamət aşağıdakılardır:

1. İnkişaf gecikməsi

Körpənin yaşına uyğun bacarıqları qazanmaması ən vacib siqnallardan biridir.

Məsələn:

- 3-4 aylıqda başını saxlaya bilməməsi

- 6 aylıqda dönməməsi

- 9 aylıqda oturmaması

- 12-15 aylıqda yeriməməsi

Bu hallarda gecikmənin səbəbi nevroloji ola bilər və mütləq qiymətləndirilməlidir.

2. Əzələ tonusunda anormallıq (çox zəif və ya çox sərt əzələlər)

Körpənin bədəni ya həddindən artıq boş (hipotonus), ya da həddindən artıq gərgin (hipertonus) görünə bilər.

Diqqət edilməli hallar:

- Körpənin “bez kimi” çox boş olması

- Əllərin və ayaqların daim bərk və gərgin qalması

- Körpəni qucağa alarkən qeyri-adi sərtlik və ya boşluq hissi

Bu əlamətlər sinir sistemi ilə bağlı problemlərin göstəricisi ola bilər.

3. Qıcolmalar və ya qeyri-adi hərəkətlər

Körpələrdə qıcolmalar hər zaman klassik formada olmaya bilər.

Aşağıdakı hallara diqqət edin:

- Birdən-birə donma və ya baxışın sabitləşməsi

- Əl və ayaqlarda təkrarlayan sarsıntılar

- Gözlərin yuxarı doğru sürüşməsi

- Səbəbsiz diksinmə epizodları

Bu əlamətlər epileptik aktivliyin ilkin göstəricisi ola bilər.

4. Göz kontaktının zəifliyi və ya olmaması

Normal inkişaf edən körpə erkən aylardan etibarən göz kontaktı qurmağa başlayır.

Narahatlıq doğuran hallar:

- 2-3 aylıqda göz kontaktının olmaması

- Ananın üzünə və ya ətraf mühitə maraq göstərməməsi

- Səslərə və vizual stimullara reaksiyanın zəif olması

Bu əlamətlər həm nevroloji, həm də inkişaf spektr pozuntularının erkən siqnalı ola bilər.

5. Asimmetrik hərəkətlər (bədənin bir tərəfini daha az istifadə etmə)

Körpə hər iki tərəfini simmetrik şəkildə istifadə etməlidir.

Diqqət edilməli hallar:

- Daim bir əlini və ya ayağını daha az hərəkət etdirməsi

- Bədənin bir tərəfinin daha zəif görünməsi

- Yatarkən və ya oynayarkən qeyri-bərabər hərəkətlər

- Bu vəziyyətlər erkən serebral iflic (CP) və ya digər nevroloji problemlərin göstəricisi ola bilər.

"Körpələrdə nevroloji problemlər erkən aşkar edildikdə müalicə və reabilitasiya daha effektiv olur. Valideynlərin diqqətli olması və şübhəli hallarda vaxt itirmədən mütəxəssisə müraciət etməsi çox önəmlidir.

Unutmayaq ki, “gözləyək, keçər” yanaşması bəzi hallarda gecikmiş diaqnozla nəticələnə bilər”, - həkim qeyd edib.


Əlaqəli Xəbərlər