Kompüter qarşısında uzun müddət oturmaq sağlamlığa necə təsir edir?
Günün böyük hissəsini kompüter qarşısında keçirən insanlarda müxtəlif səviyyəli ağrılar və gərginliklər daha çox müşahidə olunur. Xüsusilə boyun və yuxarı ətraflarda yaranan gərginlik baş ağrılarına səbəb olur. Boyun əzələlərinin gərilməsi nəticəsində qollarda uyuşma da yarana bilər.
Bu sözləri Operativ Media-ya açıqlamasında nevroloq Rəna Abbasova deyib.
O bildirib ki, uzun müddət eyni vəziyyətdə oturmaq, xüsusilə qolların bükülü vəziyyətdə qalması dirsək və bilək əzələlərinin sıxılmasına gətirib çıxarır. Bu isə həm fiziki narahatlıq, həm də əsəbi gərginlik yaradır:
“Bundan əlavə, ofisdə havalandırma zəifdirsə, xüsusilə qapalı və havasız mühitlərdə çalışan insanlarda yaddaş zəifləməsi və diqqət dağınıqlığı kimi hallar da müşahidə oluna bilər.
Belə halların qarşısını almaq üçün həftə ərzində fiziki aktivliyə vaxt ayırmaq, idmanla məşğul olmaq və açıq havada daha çox olmaq tövsiyə olunur. Əgər ağrılar və narahatlıq iki həftədən çox davam edirsə və eyni iş şəraitində artmağa davam edirsə, mütləq həkimə müraciət edilməlidir.
Düzgün diaqnoz qoyulduqdan sonra lazım gəldikdə müalicə aparılmalı və iş şəraiti insanın sağlamlıq vəziyyətinə uyğunlaşdırılmalıdır.
Həftə sonlarını daha aktiv keçirmək, ekranlardan uzaq qalmaq, təbiətdə vaxt keçirmək də faydalıdır. Əgər problem funksionaldırsa, həyat tərzində dəyişikliklər etməklə bu hallar aradan qaldırıla bilər.
Ən vacibi isə uzun müddət kompüter qarşısında oturarkən fasilələr vermək, hərəkət etmək və sadə fiziki hərəkətlər etməkdir”
