Revmatik artrit nədir və necə müalicə olunur?
Revmatoid artrit xroniki, sistemik autoimmun xəstəlikdir. Əsasən oynaqları zədələsə də, yalnız bununla məhdudlaşmır. Xəstəlik zamanı immun sistemi oynaqların daxili qişasına hücum edir və nəticədə iltihab yaranır.
Bu sözləri Operativ Media-ya açıqlamasında Revmatologiya Akademiyasının sədri, revmatoloq mütəxəssis Məğrur Məmmədov deyib
O bildirib ki, uzunmüddətli prosesdə oynaq deformasiyası ilə yanaşı, ürək, ağciyər və damar sistemi də təsirlənə bilər:
“Revmatoid artrit daha çox qadınlarda və 30–50 yaş arası insanlarda rast gəlinir. Amma istənilən yaşda başlaya bilər. Genetik meyllilik, siqaret istifadəsi və bəzi infeksiyalar risk faktorları sırasındadır.
Ən erkən və xarakterik əlamət səhər sərtliyidir. Xəstələr səhər oyananda oynaqlarında tutulma hiss edirlər və bu vəziyyət adətən 30 dəqiqədən çox davam edir. Bundan əlavə:
• Əl və bilək oynaqlarında ağrı
• Şişkinlik və istilik artımı
• Yorğunluq
• Bəzən yüngül hərarət müşahidə olunur
Diaqnoz kompleks yanaşma tələb edir. Klinik müayinə ilə yanaşı, laborator analizlər çox önəmlidir. Xüsusilə revmatoid faktor (RF) və anti-CCP anticisimləri diaqnostik əhəmiyyət daşıyır. Eyni zamanda ESR və CRP kimi iltihab markerlərinə baxılır. Görüntüləmə üsulları – rentgen, ultrasəs və MRT erkən dəyişiklikləri aşkar etməyə kömək edir.
Müalicənin əsas məqsədi xəstəliyi nəzarət altına almaq və oynaq zədələnməsinin qarşısını almaqdır. Bunun üçün erkən və aqressiv müalicə vacibdir. Əsas istifadə olunan dərman qrupları:
• DMARD-lar (metotreksat başda olmaqla)
• Bioloji preparatlar (TNF inhibitorları və s.)
• Qeyri-steroid iltihabəleyhinə dərmanlar
• Kortikosteroidlər (qısa müddətli istifadə üçün)
Hər xəstəyə fərdi yanaşma tətbiq olunur.
Bioloji preparatlar son illərdə revmatoid artritin müalicəsində böyük inqilab yaradıb. Bu dərmanlar immun sistemin konkret mexanizmlərini hədəf alır və klassik müalicəyə cavab verməyən xəstələrdə çox effektivdir. Lakin onların istifadəsi həkim nəzarəti altında olmalıdır.
Xəstələr aktiv həyat tərzi sürməli, lakin oynaqları yükləyən ağır hərəkətlərdən qaçmalıdır. Yüngül fiziki məşqlər, üzgüçülük və fizioterapiya faydalıdır. Siqaretdən imtina, düzgün qidalanma və stressin azaldılması da xəstəliyin gedişinə müsbət təsir edir.
Təəssüf ki, hazırda tam sağalma mümkün deyil. Amma müasir müalicə üsulları ilə xəstəliyi remissiya vəziyyətinə gətirmək mümkündür. Bu isə xəstənin normal həyat keyfiyyətini qorumağa imkan verir”.
