Milli Məclisin üzvü “Erkən kəsimə son” təşəbbüsünə qoşulub
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin "Erkən kəsimə son" adlı maarifləndirici kampaniyasına qoşulub.
Agentlikdən Operativ Media-ya verilən məlumata görə, Milli Məclisin üzvü videomüraciətində vurğulayıb ki, statistik rəqəmlərə əsasən, son illər ölkədə həm iri, həm də xırdabuynuzlu heyvanların sayında ciddi azalma müşahidə olunur. Həmin tendensiya Azərbaycanın ərzaq təhlükəsizliyi üçün risklər yaradır. Eyni zamanda, kənd təsərrüfatının, xüsusilə qoyunçuluq və maldarlığın inkişafına mənfi təsir göstərir.
Onun dediyinə görə, müvafiq dövlət qurumlarının bu sahədə həyata keçirdiyi tədbirlərə cəmiyyət üzvləri və ziyalılar tərəfindən də dəstək verilməsi vacibdir. Erkən kəsim yalnız ərzaq təhlükəsizliyi baxımından deyil, həm də mənəvi məsuliyyət prizmasından qiymətləndirilməlidir. Heyvanların yetkinləşmədən, bala vermədən və məhsuldarlığını ortaya qoymadan kəsilməsi uzunmüddətli ərzaq problemlərinə yol açır.
“Hər kəs bu məsələdə məsuliyyətli davranmalı, erkən kəsimə qarşı mövqe sərgiləməli və bu prosesin qarşısının alınmasına öz töhfəsini verməlidir”, - deyə Fazil Mustafa cəmiyyətə çağırış edərək bildirib.