Nazir müavini: Enerji bazarlarında qiymətlərin ifrat dəyişkənliyi iqtisadi idarəetmədə çevik yanaşma tələb edir
Azərbaycan fiskal siyasətdə balansı qorumağı bacaran nadir ölkələrin sırasındadır.
Operativ Media xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı Baş nazirin müavini Samir Şərifov deyib.
Onun sözlərinə görə, son dövrlər dünya iqtisadiyyatında müşahidə olunan proseslər bir daha göstərir ki, makroiqtisadi sabitlik özü-özünə formalaşan bir nəticə deyil, ardıcıl siyasətin, ehtiyatlı fiskal yanaşmanın və institusional qərarların məcmusudur.
“Bir çox ölkələr artan büdcə defisitləri, borclanma təzyiqləri və inflyasiya riskləri ilə üzləşdiyi halda Azərbaycan fiskal siyasətdə balansı qorumağı bacaran nadir ölkələrin sırasındadır. Bu balansın qorunması təkcə büdcə göstəriciləri ilə ölçülmür. Əsas məsələ iqtisadiyyata olan etimadın saxlanılması, dövlətin maliyyə öhdəliklərini vaxtında və dayanıqlı şəkildə həyata keçirməsidir. Məhz bu yanaşma iqtisadi sabitliyimizin əsas dayaqlarından olub. Biz neft-qaz sektorunda baş verən dəyişiklikləri də real şəkildə dəyərləndiririk. Hasilatın azalması və enerji bazarlarında qiymətlərin ifrat dəyişkənliyi artıq yeni bir reallıqdır. Bu reallıq bizdən iqtisadi idarəetmədə daha çevik, məsuliyyətli və şaxələndirilmiş yanaşma tələb edir. Neft gəlirlərinin iqtisadiyyatda rolu dəyişir və bu, təbii bir prosesdir. Əsas məsələ bu dəyişikliyi risk kimi deyil, struktur transformasiyasında imkan kimi istifadə etməkdir”, - deyə Baş nazirin müavini vurğulayıb.