Ceyhun Bayramov və Oman Sultanlığının xarici işlər naziri arasında telefon danışığı baş tutub
1 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Oman Sultanlığının xarici işlər naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi arasında telefon danışığı aparılıb.
Azərbaycanın Xarici İşlər Nazirliyindən Operativ Media-ya bildirilib ki, telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb.
Nazirlər bölgədəki son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə ediblər və vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar.
Deeskalasiyanın zəruri olduğu və danışıqlar prosesinin bərpa edilməsi istiqamətində diplomatik səylərin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Bununla yanaşı, mülki əhalinin və infrastrukturun mühafizəsinin zəruriliyi vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.