Menyu

Azərbaycan və İraq XİN rəhbərləri regiondakı gərginliyi müzakirə edib - YENİLƏNİB

Operativ Media
Azərbaycan və İraq XİN rəhbərləri regiondakı gərginliyi müzakirə edib - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.

Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər telefon danışığı zamanı Yaxın Şərqdə müşahidə olunan hərbi eskalasiya və gərgin təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Bütün tərəflərin təmkin nümayiş etdirməsinin, gərginliyi artıracaq addımlardan çəkinilməsinin və mövcud mübahisələrin həlli üçün diplomatik kanallara üstünlük verilməsinin zəruri olduğu vurğulanıb.

Nazirlər beynəlxalq ictimaiyyətin koordinasiyalı səylərinin önəmini qeyd edib, mülki əhalinin və infrastrukturun qorunmasının prioritet məsələ olduğunu vurğulayıblar.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

17:52

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Baş tutan söhbət zamanı İrana qarşı davam edən hərbi əməliyyatların regiona təsirləri qiymətləndirilib.

Nazirlər həm İraqın, həm də Azərbaycanın İranla coğrafi qonşuluq münasibətlərini, habelə regional sabitliyin qorunmasında hər iki ölkənin üzərinə düşən ortaq məsuliyyəti və regional yeniliklərin izlənilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər hərbi əməliyyatların davam etdirilməsinin riskli xarakter aldığını, bunun qonşu dövlətlərin və bütövlükdə regionun təhlükəsizliyinə mənfi təsir göstərdiyini bildiriblər.

Diplomatlar müharibənin miqyasının genişlənməsi və gərginliyin artması təhlükəsinə dair xəbərdarlıq ediblər.

Nazirlər müharibənin dayandırılması, gərginliyin azaldılması və regional sabitliyin möhkəmləndirilməsi üçün əlaqədar dövlətlərlə koordinasiyalı fəaliyyətin gücləndirilməsinin, həll yolu kimi diplomatik vasitələrə üstünlük verilməsinin əhəmiyyətini təsdiqləyiblər.

Sonda tərəflər cari hadisələrlə bağlı digər ölkələrlə birlikdə ortaq mövqenin formalaşdırılması məqsədilə təmasların və məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Əlaqəli Xəbərlər