Bel və boyun ağrıları niyə artır? – Fizioterapevt səbəbləri açıqlayır
Son illərdə bel və boyun ağrılarından şikayət edənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Mütəxəssislər bunu əsasən həyat tərzinin dəyişməsi, fiziki aktivliyin azalması və texnologiyadan uzun müddətli istifadənin yaratdığı fəsadlarla əlaqələndirirlər.
Mövzu ilə bağlı Operativ Media-nın suallarını fizioterapevt Ramin Quliyev cavablandırıb.
- Son illərdə bel və boyun ağrılarının artmasının əsas səbəbləri nələrdir?
- Son illərdə bu ağrıların artmasının bir neçə əsas səbəbi var. Ən mühüm faktor həyat tərzinin dəyişməsidir. Texnologiyanın sürətli inkişafı insanları daha az hərəkətli edib. Uzun müddət telefon və kompüter qarşısında oturmaq onurğaya əlavə yük yaradır. Xüsusilə oturaq həyat tərzi keçirən, ofis işində çalışan insanlarda bel və boyun ağrılarına daha çox rast gəlinir.
- Oturaq həyat tərzi hansı fəsadlara yol aça bilər?
Oturaq həyat tərzi osteoxondroz, bel yırtığı, diz və çanaq oynağının artrozu, hətta osteoporozun daha erkən yaşlarda yaranmasına səbəb ola bilər. Normalda müəyyən yaşdan sonra ortaya çıxmalı olan problemlər hərəkətsiz həyat keçirən insanlarda daha tez müşahidə olunur. Əzələ sistemi zəiflədikcə oynaqlara düşən yük artır və nəticədə ağrılar başlayır.
- Fizioterapiyanın müalicədə rolu nədən ibarətdir?
- Fizioterapiya dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində çox effektiv üsuldur. Onun üstünlüyü qeyri-invaziv olmasıdır, yəni cərrahi müdaxilə olmadan tətbiq edilir. Düzgün seçilmiş fizioterapiya müalicə müddətini qısaldır və sağalma prosesini sürətləndirir. Bir çox hallarda əməliyyata ehtiyac qalmır.
- Əməliyyatdan əvvəl və sonra reabilitasiya niyə vacibdir?
- Reabilitasiya həm əməliyyatdan əvvəl, həm də sonra mühüm əhəmiyyət daşıyır. Əməliyyatdan sonrakı fizioterapiya sağalma prosesini sürətləndirir və ağrıların təkrar yaranmasının qarşısını alır. Bəzən pasiyent əməliyyat olunur, lakin reabilitasiya keçmədiyi üçün 1–2 ildən sonra yenidən ağrılar başlayır. Düzgün bərpa proqramı problemin köklü həllinə kömək edir.
- İdman zədələri zamanı ilk hansı addımlar atılmalıdır?
- İlk 24 saat çox vacibdir. Bu müddətdə soyuq terapiya – buz tətbiqi tövsiyə olunur. Bu, ödemin və iltihabın azalmasına kömək edir. Lakin ciddi zədələr zamanı mütləq həkim müayinəsi vacibdir.
- Fizioterapiya ilə masaj arasında fərq varmı?
Masaj fizioterapiyanın tərkib hissəsidir. Elektroterapiya da fizioterapiyanın bölmələrindən biridir. Hansı üsulun seçilməsi pasiyentin vəziyyətindən asılıdır. Bəzi hallarda masaj, bəzi hallarda isə elektroterapiya daha effektiv nəticə verir.
- Bel yırtığı olan şəxs mütləq əməliyyat olunmalıdır?
- Xeyr. Dünyanın heç bir yerində belə bir qayda yoxdur ki, bel yırtığı mütləq əməliyyatla müalicə edilməlidir. Əməliyyat yalnız iki halda tövsiyə olunur: ağrı dözülməzdirsə və heç bir müalicəyə cavab vermirsə, yaxud konservativ müalicə effekt vermirsə və ciddi struktur problem mövcuddursa. Əksər hallarda fizioterapiya ilə müsbət nəticə əldə etmək mümkündür.
- Uşaqlarda qamət pozuntusunun əsas səbəbləri nələrdir?
- Əsas səbəb əzələ sisteminin zəif inkişafıdır. Müasir uşaqlar daha az hərəkət edir, telefon və kompüter qarşısında uzun vaxt keçirirlər. Fast-food qidalanma və fiziki aktivliyin azlığı da bu problemə təsir göstərir. Pandemiya dövründə onlayn təhsil səbəbindən kifoz hallarında artım müşahidə olunub.
- Ev şəraitində edilən məşqlər effektivdirmi?
-Məşqin harada icra olunması o qədər də vacib deyil. Əsas məsələ onun düzgün yerinə yetirilməsidir. Evdə edilən məşqlər nəzarətsiz və səhv icra olunarsa, problem daha da ağırlaşa bilər. Buna görə vaxtaşırı mütəxəssis nəzarəti vacibdir.
- Sağlam qalmaq üçün ən vacib amillər hansılardır?
- Sağlamlıq yalnız idmanla məhdudlaşmır. Müntəzəm yürüş, düzgün qidalanma, vaxtında yatmaq və oyanmaq, psixoloji sabitlik və kifayət qədər su qəbulu əsas şərtlərdir. Xüsusilə stressin azaldılması böyük əhəmiyyət daşıyır. Uşaqlar və yeniyetmələr arasında su qəbulu olduqca aşağı səviyyədədir. Çay və qazlı içkilər suyu əvəz etmir. Gün ərzində, xüsusilə səhər saatlarında kifayət qədər təmiz su qəbul etmək orqanizmin normal fəaliyyəti üçün vacibdir.
