Uşaqlarda autizmi necə erkən aşkar etmək olar? - Həkim danışır
Uşaqlarda autizm əlamətləri əsasən 1,5 yaşdan sonra özünü göstərməyə başlayır. Əvvəllər bu əlamətlər daha çox 2–3 yaşdan sonra diqqət çəkirdi. Lakin hazırda valideynlərin və mütəxəssislərin maariflənməsi nəticəsində erkən mərhələdə müşahidə etmək mümkündür.
Bu sözləri Operativ Media-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
O bildirib ki, əvvəlki ədəbiyyatlarda autizm daha çox “xəstəlik” kimi təqdim olunurdusa, bu gün yanaşma dəyişib:
“İndi autizm daha çox inkişaf pozuntusu kimi qiymətləndirilir. Amma yanaşma dəyişsə də, əsas əlamətlər sabit qalır.
Autizmin əsas xüsusiyyətləri bunlardır:
- Adına reaksiya verməmək
- Göz kontaktının zəif və ya olmaması
- Sosial ünsiyyətdən qaçmaq
- Təkrarlayıcı hərəkətlər (əl çırpma, yellənmə və s.)
- Nitqin gecikməsi və ya olmaması
- “Mən kiməm?” kimi sadə sosial suallara cavab verə bilməmək
Autizm tək bir əlamətlə diaqnoz qoyulan vəziyyət deyil. Bir neçə əlamətin birlikdə müşahidə olunması vacibdir. Bəzən əqli inkişaf geriliyi (oliqofreniya) fonunda da autizmə bənzər əlamətlər görünə bilər. Bəzi hallarda isə həm əqli gerilik, həm də autizm birlikdə rast gəlinir.
Belə uşaqların adaptasiyası çətin ola bilər. Səs-küylü mühit onları narahat edir. Diqqət və qavrama problemləri səbəbindən valideynlər çətinlik yaşaya bilirlər.
Ən vacib məsələ erkən müdaxilədir. Uşaq 1,5 yaşdan sonra şübhəli əlamətlər göstərirsə, mütləq uşaq psixiatrına müraciət olunmalıdır. Diaqnozun psixiatr tərəfindən qoyulması daha məqsədəuyğundur.
Erkən diaqnostika və düzgün yönləndirilmiş müdaxilə xüsusi təlimlər, davranış terapiyası, loqopedik məşğələlər, lazım gələrsə əlavə reabilitasiya proqramları uşağın inkişafına ciddi müsbət təsir göstərə bilər.
Vaxtında aparılan iş nəticəsində bəzi uşaqlarda əlamətlər əhəmiyyətli dərəcədə azalır, sosial bacarıqlar inkişaf edir və hətta risk qrupundan çıxmaq mümkün olur”.