Menyu

Əmək müqaviləsinin müddəti necə müəyyən olunur? - AÇIQLAMA

Ayşən Sadıxzadə
Əmək müqaviləsinin müddəti necə müəyyən olunur? - AÇIQLAMA
Bir çox iş yerlərində işçilərlə qısa müddətli, məsələn, 2–3 aylıq əmək müqavilələrinin bağlanması halları geniş yayılıb. Təəssüf ki, bəzən bu praktika işçilərin hüquqlarından yayınmaq və onları qeyri-sabit vəziyyətdə saxlamaq üçün istifadə olunur.

Bəs əmək müqaviləsinin müddəti necə müəyyən olunur?

Mövzu ilə bağlı Operativ Media-ya hüquqşünas Xanlar Sətullayev danışıb.

Onun sözlərinə görə, əmək münasibətləri Əmək Məcəlləsi və digər normativ aktlarla tənzimlənir:

"Əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanan, əmək münasibətlərinin əsas şərtlərini və tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sənəddir.

Əmək Məcəlləsinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlana bilər. Müddətli əmək müqaviləsi yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür. Bunlar arasında işçinin müvəqqəti iş qabiliyyətini itirməsi, mövsümü işlərin yerinə yetirilməsi, qısamüddətli təmir-tikinti və sınaq işləri, stajkeçmə və rezidentura dövrləri, şəxsi və ailə-məişət səbəbləri, təhsil və ictimai işlər, seçkili vəzifəyə seçilmə, tərəflərin razılığı və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar yer alır.

Müddətli əmək müqaviləsi tərəflərin razılığı ilə müəyyən edilmiş müddətə bağlanır. Əgər müqavilədə müddət göstərilməyibsə, o, müddətsiz hesab olunur. Müddəti göstərilmədən bağlanmış müqavilə heç bir tərəfin razılığı olmadan müddətli müqavilə ilə əvəz edilə bilməz. Fasiləsiz olaraq beş ildən artıq davam edən müddətli müqavilə isə avtomatik olaraq müddətsiz hesab edilir.

Məcəllədə sınaq müddəti də tənzimlənir. Sınaq müddəti işçinin peşəkarlıq səviyyəsini yoxlamaq məqsədilə müəyyən edilir: 6 aya qədər müqavilələrdə maksimum iki həftə, digər müqavilələrdə isə maksimum üç ay. Sınaq müddəti yalnız faktiki iş vaxtını əhatə edir, işçinin müvəqqəti iş qabiliyyətini itirdiyi dövrlər sınaq müddətinə daxil edilmir.

Məcəllədə bəzi hallarda sınaq müddəti tətbiq edilmir. Bunlar 18 yaşdan kiçik şəxslər, müsabiqə yolu ilə vəzifəyə təyin olunanlar, hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınlar, 3 yaşına çatmamış uşağı təkbaşına böyüdən kişilər, ixtisası üzrə ilk dəfə işə götürülənlər, ödənişli seçkili vəzifəyə seçilənlər və iki ay müddətinə əmək müqaviləsi bağlanan şəxslərdir".

Əlaqəli Xəbərlər