Gələcək gənclərin atdığı addımlarla qurulur – Aymar Babayev
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. Cəmiyyətin gələcəyini formalaşdıran, bilik, təşəbbüskarlıq və qlobal baxış bucağı ilə seçilən gənclərimizin uğurları bu əlamətdar gündə xüsusilə ön plana çıxır.
Məhz bu münasibətlə Azərbaycanı BMT-də gənclər üzrə ali səviyyədə təmsil etmiş, Best Diplomats beynəlxalq gənclər təşkilatının Azərbaycan üzrə ölkə direktoru, 2024 Dünya Şəhərsalma Forumunda və BMT-nin Məskunlaşma Günündə Azərbaycan nümayəndəsi, beynəlxalq müsabiqələr laureatı Aymar Babayevlə həmsöhbət olduq.
Operativ Media həmin müsahibəni təqdim edir:
– 6–7 dil bilən bir gənc kimi, dil sənin üçün sadəcə ünsiyyət vasitəsidir, yoxsa düşüncə tərzini formalaşdıran əsas amildir?
– Mənim üçün dil yalnız ünsiyyət vasitəsi deyil. Hər yeni dil yeni düşüncə modeli, yeni baxış bucağı deməkdir. Dil öyrəndikcə insan hadisələrə daha çevik yanaşmağı, fərqli kontekstlərdən baxmağı öyrənir və bu da düşüncə tərzinin formalaşmasında mühüm rol oynayır.
– Sənin fikrincə, bugünkü Azərbaycan gənci qlobal rəqabətə nə dərəcədə hazırdır və bu yolda ən böyük çatışmazlıq nədir?
– Azərbaycan gənci potensial baxımından kifayət qədər güclüdür. Lakin bəzən risk almaqdan çəkinmək və praktiki təcrübənin yetərsizliyi qlobal rəqabətdə maneə yaradır. Bu gün təkcə bilik deyil, eyni zamanda təşəbbüskarlıq və çeviklik də böyük əhəmiyyət daşıyır.
– “İntelligent gənc” anlayışı sənin üçün hansı dəyərlərlə ölçülür: bilik, xarakter, yoxsa sosial məsuliyyətlə?
– Məncə, intelligent gənc bu üç dəyərin balansıdır. Təkcə bilikli olmaq kifayət deyil. Xarakter və sosial məsuliyyət olmadıqda bilik cəmiyyət üçün real faydaya çevrilmir.
– Gənclər Günü münasibətilə yaşıdlarına bir cümləlik mesaj versəydin, bu nə olardı?
– Özünüzə inanın, öyrənməkdən qorxmayın və unutmayın ki, gələcək kimisə gözləməklə yox, məhz bizim atdığımız addımlarla qurulur.
– Bu qədər dil bilmək səni daha çox azad edir, yoxsa daha çox məsuliyyət yükləyir?
– Hər ikisi var, amma azadlıq hissi daha ağır gəlir. Dillər insana dünyaya çıxış imkanı verir, alternativlər yaradır. Eyni zamanda məsuliyyət də artır, çünki daha çox bildikcə susmaq yox, doğru mövqedə söz demək ehtiyacı yaranır.
– Müasir təhsil sistemi sənin yaradıcılığını daha çox açır, yoxsa müəyyən çərçivələr yaradır?
– Əsasən yaradıcılığı açır, çünki sərbəst düşünməyə təşviq edir. Amma hər sistem kimi müəyyən çərçivələri də var. Fərq ondadır ki, bu çərçivələr insanı boğmur, əksinə ona istiqamət verir. Təhsil aldığım mühit müasir model əsasında bizi həm vətənimiz, həm də dünya üçün faydalı fərdlər kimi yetişdirməyi hədəfləyir.
– Sənin üçün uğur anlayışı karyera ilə ölçülür, yoxsa cəmiyyətə verdiyin dəyərlə?
– Mənim üçün uğur yalnız karyera pillələri ilə ölçülmür. Əgər qazandığın bilik və mövqe cəmiyyətə fayda vermirsə, həmin uğur yarımçıq qalır. Dəyər yaratmaq karyeranın əsas məqsədi olmalıdır.
– Fərqli mədəniyyətləri tanıdıqca, Azərbaycan gəncliyinin hansı güclü tərəflərini daha aydın görmüsən?
– Azərbaycan gəncliyinin ən güclü tərəfi adaptasiya qabiliyyətidir. Biz müxtəlif mühitlərə tez uyğunlaşa bilirik və eyni zamanda milli kimliyimizi qorumağı bacarırıq. Bu balans hər mədəniyyətdə rast gəlinmir.
– Gələcəyin gənclərinə ötürmək istədiyin bir vərdiş olsaydı, bu nə olardı?
– Davamlı öyrənmək vərdişi. Çünki dünya çox sürətlə dəyişir və yalnız öz üzərində daim çalışan insanlar bu dəyişikliklərə uyğunlaşa bilir.