Gürcüstan ABŞ-la münasibətləri bərpa etmək üçün addımlar atdığını açıqlayıb
Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətləri normallaşdırmaq və bərpa etmək üçün addımlar atıb və amerikalı həmkarlarından da bunu gözləyir.
"Operativ Media" xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
Hökumət başçısı Gürcüstan hakimiyyətinin ABŞ ilə münasibətləri bərpa etmək üçün hansı addımlar atdığını dəqiq açıqlamayıb.
ABŞ dövlət katibi Antoni Blinken iyulun 31-də bildirib ki, Vaşinqton Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Tbilisiyə 95 milyon dollardan çox məbləğdə yardım proqramını dayandırmaq qərarına gəlib. Əvvəllər də eyni səbəbdən Aİ Gürcüstan Müdafiə Nazirliyinə ayrılması planlaşdırılan 30 milyon avronun dondurulmasına qərar vermişdi. Gürcüstanın ABŞ və Aİ ilə münasibətləri may ayında Gürcüstan parlamenti tərəfindən xarici agentlər haqqında qanunun qəbulundan sonra pisləşib.