ABŞ İrana qarşı hərbi əməliyyatları yaxın günlərdə genişləndirə bilər
ABŞ yaxın günlərdə İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların miqyasını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Yaxın Şərqdə hərbi gücün artırılması fonunda ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa olunması imkanını nəzərdən keçirməkdə davam edir. ABŞ və İsrail rəsmiləri bu addımın yaxın bir neçə gün ərzində atıla biləcəyini vurğulayıblar.
"The Wall Street Journal" (WSJ) qəzetinin verdiyi məlumata görə, Vaşinqton Yaxın Şərqə əlavə canlı qüvvə və silah-sursat göndərərək hərbi kontingentini gücləndirir. İyulun ortalarında əsas məsləhətçiləri ilə keçirdiyi görüşlərdən sonra Trampın İrana qarşı hərbi addımları genişləndirməyə meyil etdiyi bildirilib. ABŞ rəhbərliyinin nəzərdən keçirdiyi ssenarilər arasında İslam Respublikası ərazisinin bombardman edilməsinin intensivləşdirilməsi, Hürmüz boğazındakı adaların tutulması üçün quru qoşunlarının yeridilməsi və İranın energetika obyektlərinə zərbələrin endirilməsi yer alır.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livan ərazisində döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaq memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ Hürmüz boğazı ilə bağlı əldə olunmuş razılaşma şərtlərinin pozulduğunu bildirərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.