Menyu

Millət vəkili: "Yaxın Şərqdəki gərginliklərin Azərbaycana xüsusi destruktiv təsiri olmayacaq"

Nərmin Qocamanlı
Millət vəkili: "Yaxın Şərqdəki gərginliklərin Azərbaycana xüsusi destruktiv təsiri olmayacaq"

"Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə İsrail və İran arasında olan gərginlik və Fələstində davam edən savaşlar, təəssüflər olsun ki, hüququn gücünün yox, gücün hüququnun ortaya çıxdığını göstərir".

Bunu millət vəkili Tural Gəncəliyev "Operativ Media"ya açıqlamasında deyib.

O bildirib ki, son zamanlar dünyada gedən geosiyasi proseslərdəki gərginliyin qlobal səviyyədə öz təsirini göstərməsi müxtəlif bölgələrdə böyük geosiyasi oyunçuların konfrantasiya vəziyyətinin çoxalması ilə bağlıdır:

"İsrail-İran arasında olan gərginliyin Cənubi Qafqaza sirayət etməsi sırf Azərbaycana birbaşa heç bir problem yaratmayacaq. Çünki Azərbaycan kifayət qədər öz gücünə və iqtisadi potensialına arxalanan bir ölkə kimi xaricdən olan bütün çağırışları, təhdidləri önləmək gücündədir. Xüsusilə ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan özü bir güc mərkəzi kimi formalaşan və xarici-iqtisadi siyasətini praqmatika üzərində quran ölkədir. Ona görə də bu kimi münaqişələrin bizim regiona yaxın qonşuluqda baş verməsinə baxmayaraq, Azərbaycan üçün xüsusi bir destruktiv təsirinin olacağını düşünmürəm. Biz, ümumiyyətlə, heç bir hərbi siyasi blokun, alyansın üzvü olmadığımıza görə öz milli maraqlarımızı, qırmızı xətlərimizi müstəqil şəkildə qorumağı bacaran və müstəqil siyasət aparan bir ölkəyik. Azərbaycan bu gün, xüsusilə də Qoşulmama Hərəkatı kimi neytral ölkələrin ittifaqına sədrlik etmiş ölkədir".

Millət vəkili vurğulayıb ki, bu gün dünyanın aparıcı gücləri qüvvələri öz problemlərini daha çox savaşla, öz proksiləri vasitəsilə həll etməyə çözməyə çalışırlar:

"Biz Rusiya-Ukrayna müharibəsi kontekstində Rusiyanın Qərblə qarşıdurması, Yaxın Şərqdə gedən qarşıdurma və bölgələrdə gedən məsələlərdə bunun şahidiyik. Bu gün Azərbaycanın müstəqil siyasət aparması Qərbdəki Avropa İttifaqında, Fransada olan bəzi dairələri çox narahat edir. Ona görə də Cənubi Qafqazın hansısa bir formada yeni savaş meydanına çəkilməsinə cəhdlər edilir. Xüsusilə də burada  Ermənistan vasitəsilə hansısa bir şəkildə manipulyasiya edilməsi, təbii ki, Qərb dairələri tərəfindən Cənubi Qafqazda yaranmış balansın reallığının dəyişdirilməsinə cəhddir".

T. Gəncəliyev qeyd edib ki, Yaxın Şərqdə gedən məsələlər bizi də narahat edir:

"İsrail-İran gərginliyinin azalacağına və Cənubi Qafqaza xüsusi təsir etməyəcəyinə ümid edirəm. Hesab edirəm ki, Cənubi Qafqaz xüsusilə də sülh platforması olmalıdır. Necə ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Cənubi Qafqazın sülh platformasına çevrilməsindən ötrü öz "3+3" təklifini vermişdi. Bu, regional ölkələrdən Rusiya, Türkiyə, İranı və üstəgəl üç Cənubi Qafqaz ölkəsini əhatə edirdi. Cənubi Qafqazın bu mənada bizim və yaxın regionlar üçün məhz sülh platforması kimi əhəmiyyəti lazımdır. Biz ölkə olaraq bu məsələlərdə öz konstruktiv mövqeyimizi həmişə ortaya qoymuşuq".

Sevinc İbrahimzadə

 

Teqlər:

"Mill\u0259t v\u0259kili: \"Yax\u0131n \u015e\u0259rqd\u0259ki g\u0259rginlikl\u0259rin Az\u0259rbaycana x\u00fcsusi destruktiv t\u0259siri olmayacaq\""

Əlaqəli Xəbərlər