"Ermənistanı silahlandırıb, Azərbaycanı sülhə çağırmaq hansı məntiqə sığır?"
"Son vaxtlar radikal Qərb və Avropa ölkələrinin ikiüzlü, məntiqə sığmayan addımlarının şahidi oluruq. Onlar hər vəchlə regiona soxulmağa çalışırlar. Bunun üçün Ermənistan onlara yardımçı olur. Regiona yadelliləri dəvət edən Ermənistan öz müstəqilliyini çoxdan itirib".
"Operativ Media" xəbər verir ki, bu sözləri siyasi şərhçi Fikrət Əliyev bildirib:
"Azərbaycan 2020-ci ildə mümkünsüzü təkbaşına bacardı. Qarabağı dünyaya qarşı tək mübarizə apararaq düşmən tapdağından xilas etdi. Artıq regionumuzda yeni reallıqla mövcuddur. İndi döyüşmək yox, barışmaq, iqtisadi əlaqələri gücləndirmək və yaranmış tarixi fürsətdən yararlanmaq zamanıdır. Əlbəttə ki, bu həm bizim üçün, həm də Ermənistan üçün ən faydalısıdır.
Ermənistan regional kommunikasiyaların açılmasını sürətləndirməli, Naxçıvan və Azərbaycanın qərb rayonları arasında maneəsiz hərəkəti təmin etməklə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir.
Sülh danışıqları fonunda isə biz nə görürük? Görürük ki, Ermənistan özünə yeni mütəffiqlər axtarışındadır. Hər bir ölkə digər ölkələrlə siyasətini müstəqil şəkildə həyata keçirmək hüququna malikdir. Amma Ermənistanın Fransa ilə müttəfiqlik fəaliyyətlərinin Azərbaycana qarşı yönəldiyi məlumdur. Fransanın Qarabağ münaqişəsi zamanı və ondan sonra Azərbaycana qarşı atdığı düşmən addımları heç kimə sirr deyil. Yuxarıda da qeyd etdiyim kimi, Ermənistan öz ipini başqa ölkələrə vermədən yaşaya bilmir. Gah Rusiyanın təsirində olur, gah Fransanın, gah ABŞ-nin.
İndi görünən odur ki, Azərbaycan Fransa ilə mübarizə aparır. Fransa öz silahlarını, hərbi texnikalarını Ermənistana göndərir və Azərbaycanı sülhə çağırır.
Avropa İttifaqı da həmçinin. Onlar dünən Ermənistana hərbi yardım göndərməyi müzakirə edirdilər və müzakirələrin sonunda Azərbaycanı sülhə çağırdılar.
Bu həm də ironik bir vəziyyətdir. Məgər sülhü istəməyən Azərbaycandır? Yaxud sülhü əldə etmək üçün digər tərəfi silahlandırmaq hansı məntiqə sığır?
Bütün bu mənasız, ədalətsiz ölkələrin, ittifaqların 30 illik səyləri puça çıxdı. Onlar özlərini doğrultmadılar. İndi atdıqları addımlardan da nə onlara, nə də Ermənistana fayda var.
Yaxşı olar ki, Ermənistan Azərbaycanla birbaşa dialoq qursun. İki tərəf sülh bağlasın və üçüncü tərəflər bu münasibətlərə qarışmasın. Bu ölkələrin sülh istəmədiyi artıq hər birimizə məlumdur".