Erməni ekspert: "Türkiyə Cənubi Qafqazda Rusiyanın yerini ala bilər"
İrəvanın Azərbaycan ərazisinə icazəsiz və razılaşdırılmamış şəkildə humanitar yük karvanı göndərməsi, ardınca BMT Təhlükəsizlik Şurasına təcili iclas çağırışı, Azərbaycanın isə öz haqlı mövqeyindən geri çəkilməməsi iki həftədən çoxdur dünyanın diqqət mərkəzindədir. Burada önə çıxan digər məqam Rusiyanın hər iki ölkəyə təsir mexanizmlərinin azalması ilə bağlıdır. Qarabağın Rusiya sülhməramlı kontinigentinin müvəqqəti nəzarətində olan hissələrində müşahidə olunan gərginlik, sülhməramlıların separatçılara açıq dəstəyi Azərbaycanda Rusiyaya qarşı etibarı xeyli azaldıb. Rusların Laçın dəhlizinin açılması ilə bağlı Azərbaycana təzyiq göstərə bilməməsi, əksinə rəsmi Bakının şərtlərini dəstəkləməsi isə Ermənistanın Rusiyaya qarşı münasibətini pisləşdirib. Bu məqamda ortaya belə bir sual çıxır: Rusiyanın Cənubi Qafqazda mövqeyi zəifləyir? Rusiya sözügedən bölgədə dominant mövqeyindən sıxışdırıla bilər?
Operativ Media mövzu ilə bağlı erməni şərqşünas ekspert Armen Petrosyanın “Sputnik Ermənistan”a müsahibəsindən bəzi hissələri təqdim edir. Ekspert Rusiyanın Cənubi Qafqazda rolunun ciddi şəkildə zəiflədiyini, bunun nəticəsində Moskvanın artıq Ermənistanla Azərbaycan arasında münaqişənin həllinə təsir göstərə bilməyəcəyini bildirib: “Cənubi Qafqazda Rusiyanın təsirinin zəifləməsi göz qabağındadır. İndi yaranan boşluğu kimin doldura biləcəyi ilə bağlı rəqabət var. Son zamanlar Türkiyə rəhbərliyinin diplomatik leksikonunda “Ermənistan”, “Qarabağ”, “Ermənistan-Azərbaycan münasibətləri” sözləri daha çox yer alır. Üstəlik, Türkiyənin həm Qərb, həm də Rusiya ilə dialoqunda Cənubi Qafqaz mövzusu fəal şəkildə müzakirə olunur”.
Petrosyanın fikrincə, Türkiyə Qərblə danışarkən özünü Cənubi Qafqazda Rusiyaya alternativ kimi göstərir və bununla da Qərbin maraqlarını müdafiə etdiyini açıq şəkildə nümayiş etdirir: “Moskva ilə dialoqda Ankara tamamilə fərqli taktikadan istifadə edir. Türkiyə bir növ Kremli əmin edir ki, Rusiyanın təsiri zəifləsə, Qərb ekspansiyasının qarşısını almağa hazırdır. Burada Türkiyənin təklif etdiyi və Rusiya, Türkiyə, İran, Ermənistan, Azərbaycan və Gürcüstanın iştirakı ilə regiondakı problemlərin həllinə yönəldilmiş "3+3 formatı" ideyasını xatırlaya bilərik”.
Petrosyan istisna etmir ki, yaxın gələcəkdə Türkiyə hakimiyyəti Cənubi Qafqazda aktivləşmə baxımından bəyanatlardan əməli fəaliyyətə keçə bilər. Onun fikrincə, Ukraynadakı müharibəni və Rusiyaya qarşı tətbiq edilən sanksiyaları nəzərə alsaq, Moskvanın diplomatik təcrid vəziyyətində qalması ilə Türkiyənin regionda əsas vasitəçi olmaq şansları artır".