Seul Pxenyanı ballistik raket atışlarını dayandırmağa çağırıb
Koreya Respublikası Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsi təcili iclas keçirərək, KXDR-i ballistik raket buraxılışlarını dayandırmağa çağırıb.
Operativ Media xəbər verir ki, bu haqda Koreya mətbuatı məlumat yayıb.
“Milli Təhlükəsizlik İdarəsi keçirilən iclasda 11 gündən sonra yenidən baş tutan ballistik raket buraxılışlarının Koreya Respublikasının təhlükəsizliyinə təsirini hərtərəfli təhlil və koordinasiya edib”. Seuldan verilən əlavə məlumatda qeyd olunub ki, iclasda zəruri tədbirlər nəzərdən keçirilib.
Xatırladaq ki, aprelin 19-da Sinpxo şəhəri yaxınlığından Yapon dənizi istiqamətinə bir neçə qısamənzilli ballistik raketin buraxıldığı barədə məlumat yayılmışdı.
Koreya Respublikasının Prezidenti Li Cje Myon aprelin 19-dan Hindistan və Vyetnama səfərə yola düşür. Bu səbəbdən dövlət başçısının ofisi müvafiq qurumlara tam hazır vəziyyətdə olmağı tapşırıb. Seul KXDR-in hərəkətlərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi qiymətləndirərək pisləyib və ballistik raket sınaqlarını dayandırmağa çağırıb.
Koreya Respublikasının hərbçiləri aprelin 19-da sınaqdan keçirilən raketin sualtı qayıqdan buraxılan ballistik raket olması ehtimalını da istisna etmirlər.