Yüksək Liqada final və üçüncü yer oyunlarının tarixləri açıqlandı
Qadın və kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer və çempionluq uğrunda oyunların keçiriləcəyi tarixlər müəyyənləşib.
Operativ Media xəbər verir ki, aprelin 18-də kişilərin yarışında əvvəlcə üçüncü yer uğrunda “Neftçi” və “Murov Az Terminal” komandaları qarşılaşacaq. Günün final görüşündə isə “Xilasedici” ilə “ORDU” komandaları çempionluq uğrunda mübarizə aparacaq. Oyunlardan dərhal sonra mükafatlandırma mərasimi keçiriləcək.
Qadın voleybolçular isə mükafatlar uğrunda aprelin 19-da meydana çıxacaqlar. Üçüncü yer uğrunda oyunda “Milli Aviasiya Akademiyası” “Gəncə” ilə üz-üzə gələcək. Final qarşılaşmasında isə “Turan” və “DH Volley” komandaları çempionu müəyyənləşdirəcək. Bu oyunlardan sonra da mükafatlandırma mərasimi təşkil olunacaq.
Hər iki günün qarşılaşmaları GİN-nin Voleybol Mərkəzində baş tutacaq.