"Traktor" BƏƏ klubu ilə qarşılaşacaq
Bu gün futbol üzrə Asiya Çempionlar Liqasının pley-off oyunları davam edəcək. Təbrizin “Traktor” komandası BƏƏ-nin “Şabab Əl-Əhli” komandası ilə qarşılaşacaq.
Operativ Media xəbər verir ki, Yaxın Şərqdəki münaqişə səbəbilə turnir uzun müddət idi ki, keçirilmirdi. Əvvəlki reqlamentə əsasən 1/8 final mərhələsi iki oyundan ibarət olmalı idi. Lakin vaxtın az olması reqlamentin dəyişdirilməsi ilə nəticələnib. Bundan başqa bütün oyunların Səudiyyə Ərəbistanında keçirilməsinə qərar verilib.
Xatırladaq ki, dünən artıq 2 oyun baş tutub. Favoritlərdən sayılan “Əl-Hilal” Qətərin “Əs-Sad” komandasına penaltilər seriyasında uduzub. İki ölkənin fərqli digər iki komandasının qarşılaşmasında isə bu dəfə Səudiyyə Ərəbistanı təmsilçisi üstün olub. “Əl-Əhli” əlavə hissədə “Əl-Duhail”ə qalib gəlib. 1:0.
Bu gün Bakı vaxtilə 18:45-də başlayacaq oyunda qalib gələcəyi təqdirdə “Traktor” bir vaxtlar Ramil Şeydayevin şərəfini qoruduğu Tailandın “Buriram” komandası ilə qarşılaşacaq.
Əlavə edək ki, “Traktor” – “Şabab Əl-Əhli” oyunu İdmanTV ilə canlı yayımlanacaq.