İran millisi DÇ-2026-dakı oyunlarını Meksikada keçirmək istəyir
İranın idman naziri Əhməd Dünyamalı ölkəsinin 2026-cı il dünya çempionatında milli komandanın oyunlarının Meksikaya keçirilməsi üçün danışıqlar apardığını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu haqda o, dövlət televiziyasının efirində bildirib.
"İranın Meksikadakı səfiri danışıqlar aparıb ki, əgər Meksika İranın iştirak etdiyi oyunlara ev sahibliyi etməyə razılıq versə, biz dünya çempionatına gedə bilərik. Lakin bunun reallaşması çox çətindir", - deyə o, qeyd edib.
Daha əvvəl Dünyamalı komandanın turnirə qatılmaya biləcəyini istisna etməmişdi. Püşkatmanın nəticələrinə görə, İran millisi Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupuna düşüb. Qrup mərhələsinin hər üç oyunu ABŞ ərazisində keçirilməlidir.
ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində bildirib ki, Amerika tərəfi İranın iştirakına mane olmur, lakin idmançıların özlərinin təhlükəsizliyi ilə bağlı riskləri əsas gətirərək, onların gəlişini məqsədəuyğun hesab etmir.
Qeyd edək ki, dünya çempionatı 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək.