Yüksək Liqada pley-off mərhələsinin tarixi bəlli olub
Bu gün GİN-in Voleybol Mərkəzində qadın və kişi voleybolçuların Yüksək Liqasında çıxış edən komandaların menecerləri ilə görüş keçirilib.
Operativ Media xəbər verir ki, görüşdə Azərbaycan Voleybol Federasiyasının İdman şöbəsinin direktoru Şir-Aslan Kərimov və federasiyanın meneceri Yelena Parxomenko iştirak ediblər.
İclas zamanı Yüksək Liqanın pley-off mərhələsi ilə bağlı məsələlər müzakirə olunub, klublara ətraflı məlumat verilib. Oyunların keçirilmə tarixləri, komandalar üçün nəzərdə tutulan məşq proqramları və digər təşkilati məsələlər diqqətə çatdırılıb.
Bildirilib ki, qadın komandaları pley-off mərhələsinin oyunlarına martın 27-də, kişi komandaların isə aprelin 6-da start veriləcəklər. Bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları 18-19 aprel tarixlərində keçiriləcək.
Qeyd edək ki, pley-off və yarımfinal oyunları 2 oyundan (ev-səfər) ibarət olacaq. İki oyunun nəticəsində komandaların qələbələri bərabər olarsa qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun olacaq.