Azərbaycan millisi "Adriatik incisi" turnirində 3-cü oldu
Operativ Media
Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən və Dünya kuboku statusu daşıyan "Adriatik incisi" beynəlxalq turniri başa çatıb.
Operativ Media xəbər verir ki, 18 ölkənin idmançısının mübarizə apardığı yarışda Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Komandamızın heyətində 70 kq çəki dərəcəsində çıxış edən Rza Rzayev bütün rəqiblərinə qalib gəlməyi bacarıb. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər boksçularımızdan Heydər Əzməmmədov (85 kq) gümüş, Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) isə bürünc medala yiyələniblər. Bu nəticələrlə Azərbaycan millisi komanda hesabında 3-cü yeri tutub.