AFFA "Şəmkir"ə texniki məğlubiyyət verdi
AFFA İntizam Komitəsi II Liqanın XVII turunda baş verən hadisələrlə bağlı qərarlarını açıqlayıb.
Operativ Media xəbər verir ki, tur çərçivəsində keçirilən matçlarda intizam qaydalarını pozan komandalara qarşı cərimə sanksiyaları tətbiq olunub. Belə ki, “Quba” komandası “Şirvan”la, “Ağdaş” komandası isə “Qaradağ Lökbatan”la oyunda futbolçularının çoxsaylı sarı vərəqə alması səbəbindən hər biri 70 manat cərimələnib.
“Ağdaş” komandasının oyunçusu Vasif Nəsirov “Qaradağ Lökbatan”la matçın 81-ci dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Futbolçu meydanı tərk edərkən hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalandırılıb, klubu isə 1000 manat cərimə ödəyəcək.
Turun ən ağır cəzası isə “Şəmkir” komandasına verilib. “Xankəndi” ilə matçdan əvvəl forma ilə bağlı məlumatları təqdim etməyən, rəsmi şəxslərin tələblərinə məhəl qoymayan və müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina edərək vaxtında meydana çıxmayan “Şəmkir” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.