ANAMA nümayəndə heyəti Çində səfərdədir
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti 2026-cı ilin 9-13 mart tarixlərində Çin Xalq Respublikasında (ÇXR) işgüzar səfərdədir.
Bu barədə Operativ Media-ya ANAMA-dan məlumat verilib.
Səfərin məqsədi ÇXR-in Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət İdarəsi ilə birbaşa əlaqələrin qurulması, həmin Nazirlikdə, Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Mühəndislik Universitetində və Çinin minatəmizləmə avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış bir sıra şirkətlərində görüşlərin keçirilməsidir.
Səfər çərçivəsində ilk görüş Çin Xarici İşlər Nazirliyinin (XİN) Silahlara Nəzarət Departamentinin baş direktoru Sun Xiaobo ilə baş tutub. Görüşdə ölkəmizin Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da iştirak edib.
Görüş zamanı 2025-ci il 23 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Pekində hər iki ölkənin rəhbərləri arasında imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə ÇXR Xarici İşlər Nazirliyi arasında imzalanan “Humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun icrası, eləcə də digər əməkdaşlıq məsələləri ətrafında danışıqlar aparılıb.
Baş direktor Sun Xiaobo imzalanan sənədin iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib. O bildirib ki, humanitar minatəmizləmə fəaliyyəti Azərbaycanın müharibədən sonrakı bərpa və yenidənqurma prosesində mühüm rol oynayır. Çin tərəfinin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləməyə, həmçinin bu sahədə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
Vüqar Süleymanov Çin Xalq Respublikasının ölkəmizdə minatəmizləmə fəaliyyətinə töhfəsinə görə qarşı tərəfə təşəkkür edib və bu addımın Azərbaycanın mühüm humanitar missiyasında dost ölkənin həmrəyliyinin göstəricisi olduğunu qeyd edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çin dövlətinə məxsus müdafiə sənayesi kompleksi olan NORINCO (China North Industries Group Corporation) şirkətinin sərgi mərkəzinə baş çəkib, daha sonra şirkət rəhbərliyinin iştirakı ilə geniştərkibli görüş keçirib.
Sərgi mərkəzində minatəmizləmə sahəsində istehsal olunan müxtəlif avadanlıqlar, o cümlədən mexaniki minatəmizləmə maşınları, partlayıcı sursatların zərərsizləşdirilməsi üçün istifadə edilən robotlar, mina aşkarlayan dronlar və digər texnoloji həllər nümayiş etdirilib. Şirkət mütəxəssisləri təqdim olunan avadanlıqların texniki xüsusiyyətləri və tətbiq imkanları barədə geniş məlumat verib, Azərbaycan nümayəndə heyətinin suallarını cavablandırıblar.
Bu kimi sərgilərə səfərlər minatəmizləmə sahəsində qabaqcıl təcrübənin araşdırılması və innovativ yanaşmaların tətbiqinə şərait yaradır.
Görüşdə bu səfərin tərəflər arasında əməkdaşlığın başlanması və gələcək tərəfdaşlıq imkanlarının araşdırılması baxımından mühüm ilkin addım olduğu vurğulanıb.
Səfər həm də Azərbaycanın üzləşdiyi mina problemi və onun aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər barədə ÇXR-nin və orada fəaliyyət göstərən yerli şirkətlərin ətraflı məlumatlandırılmasına və bununla da problemə beynəlxalq diqqətin artırılmasına müsbət təsir edəcəkdir.