İyunun 15-də Şuşada beynəlxalq konfrans keçiriləcək
Nərmin Qocamanlı
Türk dünyasında hakim siyasi partiyalar arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi məsələsi Yeni Azərbaycan Partiyasının (YAP) diqqət mərkəzindədir.
"Operativ Media" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Türk Dövlətləri İqtisadi Forumu”nda Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O, qeyd edib ki, YAP qardaş xalqların, dost ölkələrin siyasi partiyaları ilə iş birliyinin genişləndirilməsi üçün məqsədyönlü addımlar atmaqdadır.
"2021-ci il iyunun 2-də YAP ilə Türkiyənin hakim Ədalət və İnkişaf partiyası arasında imzalanmış əməkdaşlıq protokolundan irəli gələrək ikitərəfli münasibətlərin inkişafına xidmət edən sistemli fəaliyyətimizi uğurla davam etdiririk.
Bu əməkdaşlığın bariz nümunələrindən biri 2022-ci ildən başlayaraq hər il Şuşa şəhərində keçirilən "Şuşa Bəyannaməsi"nin il dönümü və Milli Qurtuluş Gününə həsr olunmuş beynəlxalq konfransın keçirilməsidir.
Bu il də iyunun 15-də Şuşa şəhərində "Türk Dövlətləri Təşkilatı geosiyasi reallıqlar və qolbal kataklizimlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub".