Evdə qeydiyyatda olan kirayəçi mənzildən pay tələb edə bilərmi?
Kirayə verənlə kirayəçi arasındakı münasibətlər əsasən notarial qaydada təsdiqlənmiş müqavilə ilə tənzimlənir. Bu müqavilə tərəflərin hüquq və vəzifələrini dəqiq şəkildə müəyyən edir. Kirayəçinin mənzilə və ya fərdi yaşayış evinə qeydiyyata düşməsi yalnız onun yaşayış yerinin rəsmiləşdirilməsi anlamına gəlir və bu, heç bir halda həmin əmlak üzərində mülkiyyət hüququ yaratmır.
Bu sözləri Operativ Media-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.
O bildirib ki, kirayəçi qeydiyyatda olsa belə, bu fakt ona mənzildən pay və ya kompensasiya tələb etmək hüququ vermir. Kirayə müqaviləsi əsasında o, yalnız həmin yaşayış sahəsindən istifadə etmək hüququna malikdir:
“Hər hansı mənzilə qeydiyyatda olmaq həmin sakinə pay hüququ vermir. Vətəndaş bu halda yalnız həmin mənzildə yaşamaq hüququna malik olur.
Əgər ev sahibi vətəndaşı qeydiyyata alarsa, həmin vətəndaşın yalnız istifadə hüququ yarana bilər. Sadəcə, həmin evdə qeydiyyatda olur. Qeydiyyata düşmüş şəxsin mülki hüququ yaranmır.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il Qərarına əsasən kompensasiyanın məbləği davamlı surətdə və müəyyən müddət daxilində əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.
Ev sahibi qeydiyyatda olan şəxsi yalnız məhkəmə ilə çıxara bilər. Məhkəmə yolu olmadan inzibati qaydada şəxsi qeydiyyatdan çıxara bilməz. Şəxs özü başqa ünvana qeydiyyata düşməlidir ki, həmin ünvandan qeydiyyatdan çıxmış sayılsın.
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.
Yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair‖ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”.