Gizli foto və videoçəkilişlərin cəzası nədir? - AÇIQLAMA
Müasir dövrdə texnologiyanın sürətli inkişafı ilə müşahidə vasitələri, o cümlədən gizli kameralar daha geniş yayılıb. Bu isə bir tərəfdən təhlükəsizlik imkanlarını artırsa da, digər tərəfdən insanların şəxsi həyatına müdaxilə riskini yüksəldir. Xüsusilə gizli kameraların qanunsuz istifadəsi cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələlərdən biridir və hüquqi baxımdan xüsusi diqqət tələb edir.
Mövzu ilə bağlı Operativ Media-ya Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov açıqlama verib.
O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi hər kəsin şəxsi toxunulmazlıq hüququnu təmin edir. Həmin maddəyə əsasən, şəxsin razılığı olmadan onun şəxsi həyatı haqqında məlumatın toplanılması, saxlanılması, istifadəsi və yayılması yolverilməzdir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan izlənilə, video və foto çəkilişinə və ya səs yazısına məruz qala bilməz.
Ekspert qeyd edib ki, gizli çəkiliş yolu ilə şəxsin razılığı olmadan görüntülərin əldə edilməsi və yayılması şəxsi həyatın toxunulmazlığının pozulması hesab olunur və bu hal Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə məsuliyyət yaradır. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsinə əsasən, gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə edən şəxslər həmin vasitələrin müsadirəsi ilə yanaşı 200–400 manat məbləğində cərimə edilirlər.
Eyni zamanda, bu cür vasitələrin qanunsuz istehsalı, satışı və ya satış məqsədilə əldə edilməsi artıq cinayət məsuliyyəti doğurur. Cinayət Məcəlləsinin 302.3-cü maddəsinə görə, belə əməllərə görə 2000–5000 manat cərimə, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Fariz Əkbərov vurğulayıb ki, şəxsi həyatın toxunulmazlığı beynəlxalq hüquqla da qorunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi bu hüquqa təminat verir. O qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsi iş yerlərinin də müəyyən hallarda “mənzil” anlayışına daxil ola biləcəyini qəbul edir və bu, məsələnin həm də mənzil toxunulmazlığı aspektindən qiymətləndirilməsinə imkan yaradır.
Məhkəmənin hüquqi mövqeyinə görə, iş yerində videomüşahidə avtomatik olaraq hüquq pozuntusu sayılmır. Lakin bu cür müşahidə yalnız qanunla nəzərdə tutulmuş, legitim məqsəd güdən və demokratik cəmiyyətdə zəruri olan hallarda tətbiq edilə bilər.
Bununla yanaşı, ictimaiyyət üçün açıq və şəxsi fəaliyyətlə bağlı olmayan məkanlarda təhlükəsizlik məqsədilə quraşdırılan adi kameralar adətən hüquqi problem yaratmır. Lakin görüntülərin qeydə alınması, saxlanılması və sonradan istifadə olunması, hətta ictimai məkanda belə baş versə, şəxsi həyata müdaxilə kimi qiymətləndirilə bilər. Bu yanaşma xüsusilə gizli və məqsədli müşahidə, davamlı izləmə və ya əldə olunan məlumatların üçüncü şəxslərə ötürülməsi hallarında daha ciddi tətbiq olunur.
Məhkəmə iş yerində videomüşahidənin qiymətləndirilməsi üçün bir sıra meyarlar müəyyən edib. Bunlara müşahidənin aparıldığı məkan, həmin məkanda şəxsin məxfiliyə dair gözləntisinin olub-olmaması, müşahidənin hədəfli və ya sistemli xarakter daşıması, izlənilən fəaliyyətin mahiyyəti, videomüşahidə barədə əvvəlcədən məlumat verilməsi, eləcə də əldə olunan məlumatların saxlanma müddəti və istifadə məqsədi daxildir.
