Menyu

"Şagirdlərin dərs yükü azaldılmalıdır” - İlqar Orucov

Ayşən Sadıxzadə
"Şagirdlərin dərs yükü azaldılmalıdır” - İlqar Orucov

“Şagirdlərin dərs yükünün azaldılması istiqamətində bir sıra fundamental dəyişikliklərə ehtiyac var. İlk növbədə tədris proqramlarının optimallaşdırılması, praktik məşğələlərin artırılması və qiymətləndirmə sisteminin yenilənməsi vacibdir. Bu addımlar həm dərs yükünün azalmasına, həm də təhsilin keyfiyyətinin yüksəlməsinə töhfə verə bilər”.

Bu sözləri Operativ Media-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. 

O bildirib ki, əvvəlcə tədris məzmununun və proqramların yenilənməsi məsələsi ön plana çıxır:

“Burada proqramlarda yer alan materialların həcminin azaldılması və eyni fənn üzrə çoxsaylı vəsaitlər əvəzinə daha yığcam, inteqrasiya olunmuş materiallardan istifadə olunması məqsədəuyğun hesab olunur. Nəzəri biliklərin həddindən artıq çox olması əvəzinə, dərslərin praktik tərəfinin gücləndirilməsi də təhsilin effektivliyini artıra bilər. Yəni şagirdlərə yalnız nəzəri məlumatlar deyil, eyni zamanda həmin biliklərin praktik tətbiqi də öyrədilməlidir.

Digər tərəfdən, fənlər arasında əlaqələrin gücləndirilməsi də vacibdir. Multidisiplinar, interdisiplinar və transdisiplinar yanaşmalar vasitəsilə müxtəlif fənlər üzrə biliklərin bir-biri ilə əlaqələndirilməsi dərslərin daha maraqlı və faydalı olmasına şərait yarada bilər. Bu yanaşma şagirdlərin bilikləri daha asan mənimsəməsinə və onları real həyatda tətbiq etməsinə kömək edir.

Eyni zamanda ev tapşırıqları və dərs saatlarının optimallaşdırılması da mühüm məsələdir. Beynəlxalq təcrübəyə baxdıqda görürük ki, bəzi ölkələrdə ibtidai siniflərdə məcburi ev tapşırıqlarının azaldılması və ya ləğvi praktikası tətbiq olunur. Bu model şagirdlərin psixoloji gərginliyini azaltmaq baxımından kifayət qədər effektiv hesab edilir. Yəni şagirdlərin öyrənməli olduqları əsas biliklər dərs zamanı mənimsədilir və evdə əlavə yük yaratmamaq məqsədi güdülür.

Bununla yanaşı, dərs rejiminin optimallaşdırılması da əhəmiyyətlidir. Gündəlik dərs sayının müəyyən qədər azaldılması və tənəffüs müddətlərinin artırılması məsələn, 10 dəqiqəlik fasilələrin tətbiqi şagirdlərin daha rahat və səmərəli öyrənməsinə kömək edə bilər.

Digər mühüm məsələ isə məktəb çantalarının ağırlığı ilə bağlıdır. Valideynlər tez-tez şagirdlərin ağır çanta daşımasından şikayət edirlər və bu halın uşaqların fiziki sağlamlığına mənfi təsir göstərdiyi qeyd olunur. Bu baxımdan rəqəmsal dərsliklərin tətbiqi və dərsliklərin hibrid formata keçirilməsi faydalı həll yollarından biri ola bilər. Bu, həm çanta yükünü azaldar, həm də müasir təhsil imkanlarının genişlənməsinə şərait yaradar.

Tutaq ki, şagirdlərin evdə dərsliyi olur, lakin eyni zamanda məktəbdə də dərs üçün ayrıca dərslikdən istifadə edilir. Bəzi hallarda şagird evdə kağız dərsliyindən istifadə edir, məktəbdə isə sinifdə fərqli və ya elektron formatda olan dərslikdən yararlanır. Bu yanaşma çantanın ağırlığının azaldılması baxımından əhəmiyyətli hesab oluna bilər.

Digər tərəfdən, müəllimlərin iş yükünün azaldılması üçün də rəqəmsal platformaların tətbiqi mühüm rol oynaya bilər. Rəqəmsal sistemlər həm tədris prosesinin daha səmərəli təşkilinə, həm də qiymətləndirmə prosesinin daha sürətli aparılmasına imkan yaradır.

Ümumiyyətlə, qeyd etdiyim kimi, qiymətləndirmə sisteminin yenilənməsi də təhsildə təklif olunan fundamental dəyişikliklərdən biridir. Qiymətləndirmə və motivasiya tədrisin keyfiyyətinə birbaşa təsir edən əsas amillərdən sayılır. Bu baxımdan yalnız standart testlərə əsaslanan qiymətləndirmə ilə kifayətlənmək əvəzinə, sinif daxilində müəllimin canlı rəylərinə və şagirdin fərdi inkişafına əsaslanan alternativ qiymətləndirmə üsullarının tətbiqi daha effektiv ola bilər.

Belə yanaşma şagirdlərin dərsə marağını artırmaqla yanaşı, onların fərdi inkişafını da daha yaxşı izləməyə imkan yaradır. Eyni zamanda yeni təlim metodlarının tətbiqi şagirdlərin öz maraqlarını kəşf etməsinə və həmin maraqların üzə çıxarılmasına şərait yaradır.

Əslində hər bir şagirdin daxilində müəyyən maraqlar və potensial mövcuddur. Əsas məsələ bu maraqları üzə çıxarmaq və onları inkişaf etdirməkdir. Bu baxımdan müəllimin peşəkarlığı və ustalığı xüsusi əhəmiyyət daşıyır. Müəllimin fərdi yanaşma tətbiq etməsi şagirdlərin motivasiyasını artırır və onların öyrənməyə daha həvəslə yanaşmasına şərait yaradır”.

Əlaqəli Xəbərlər