Menyu

"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib

Operativ Media
"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib
Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə dövlət zəmanəti və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Operativ Media xəbər verir ki, fərmana əsasən, sahibkarların manatla aldıqları kreditlərə təminat verilməsi və həmin kreditlərin faizlərinin subsidiyalaşdırılması səlahiyyəti Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondundan alınaraq "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-yə həvalə edilir.

Yeni mexanizm ilkin mərhələdə pilot layihə kimi 2030-cu il dekabrın 31-dək tətbiq olunacaq və yalnız Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla ölkənin digər ərazilərini əhatə edəcək.

Fərmana görə, bu proqram çərçivəsində verilən kreditlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 13 faiz müəyyən edilib. Kreditlərə hesablanan faiz dərəcəsinin 50 faizi dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq.

Həmçinin dövlət zəmanəti ilə təmin edilən kreditlər üzrə əsas borcun zəmanət hissəsi işğaldan azad edilmiş ərazilərdə 90 faizədək, digər regionlarda isə 50 faizədək müəyyən olunub.

Nazirlər Kabinetinə mexanizmlərin təkmilləşdirilməsi, normativ-hüquqi bazanın yenilənməsi, kredit portfelinin həcminin müəyyənləşdirilməsi və maliyyələşmə məsələləri ilə bağlı bir sıra tapşırıqlar verilib.

Fərmanla yanaşı, kredit zəmanəti və faiz subsidiyası ilə bağlı əvvəlki bir sıra prezident fərmanlarına da dəyişikliklər edilib.

Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir:

- 6 ay müddətində sahibkarların manatla aldığı kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi mexanizmlərinin tətbiqi təcrübəsi, o cümlədən ölkə Prezidentinin 9 yanvar 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası"nın tətbiqi nəticələri nəzərə alınmaqla, həmin mexanizmlərin təkmilləşdirilməsinə dair;

- 3 ay müddətində, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı;
Hökumət işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə tətbiq olunacaq ümumi kredit portfelinin məbləğini və həmin portfel üzrə dövlət zəmanəti ilə təmin ediləcək məbləğin yuxarı həddini 1 ay müddətində müəyyən edib dövlət başçısına məlumat verməli, sahibkarların manatla aldığı kreditlərə təminat və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı mexanizmlərin maliyyələşdirilməsi məqsədilə Cəmiyyətin tələb olunan maliyyə vəsaiti ilə təmin edilməsi üçün 1 ay müddətində zəruri tədbirlər görməli, fərmanda nəzərdə tutulmuş öhdəliklərin icra vəziyyətinə nəzarəti həyata keçirsin və onların icrası başa çatdıqdan sonra bu barədə Prezidentə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi fərmandan irəli gələn aidiyyəti məsələlərin həlli üçün zəruri tədbirlər görməli, İqtisadiyyat Nazirliyi dövlət başçısının 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" nəzərə alınmaqla, fərmanda nəzərdə tutulmuş mexanizmlərin tətbiq ediləcəyi prioritet sahələri bir ay müddətində müəyyən etməli, Elektron kredit və zəmanət" informasiya sisteminin təkmilləşdirilməsi, o cümlədən fərmanda nəzərdə tutulmuş təminat və faiz subsidiyası mexanizmlərinin həmin sistem üzərindən tam tətbiqinin təmin edilməsi məqsədilə üç ay müddətində zəruri tədbirlər görməlidir.

Əlaqəli Xəbərlər